Mənim babam Mirzə Müştaq 1913-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Müəllimlər İnstitutunda təhsil almışdır. Eyni zamanda Bakı orta məktəblərində müəllimlik etmişdir. Sonra Şamaxı və Keşlənin orta məktəblərində müdir olmuşdu.

İkinci Dünya müharibəsi illəri 1943-cü ilin yanvarında könüllü ordu sıralarına getmişdir: Tiflisdə üç aylıq zabitlər kursunda təlim keçdikdən sonra Döyüşən Orduda vzvod, rota avtomatçı bölməsində komandirlik etmişdir. Müharibədə babam üç dəfə yaralanmışdı - ayağından, qarnından və böyründən, amma buna baxmayaraq o Berlinə qədər çatmışdı və Polşanın azad olunmasında iştirak etmişdi. Səhhəti ilə əlaqədər olaraq qvardiyaçı baş leytenant rütbəsində tərxis olunmuşdur. O, Qırmızı ulduz ordeni və səkkiz medalla təltif olunmuşdur.Müharibədən sonra babam ədəbiyyətlə məşqul olmağa başladı.

«Pioner» jurnalı redaksiyasında pioner və məktəblilər şöbəsinin müdiri, Azərbaycan Radio Verilişləri Komitəsində son xəbərlər redaksiyasında müdir, bədii verilişlər redaksiyasında redaktor işləmişdir. Təqaüdə çıxana qədər Azərnəşrdə redaktor, böyük redaktor vəzifələrində çalışmışdır. 50-dən artıq ədəbi bədii kitabı redaktə etmişdir. Özü ondan çox kitab müəllifi idi. «Dərsdən sonra» və S.Axundovla şərikli yazdığı «İradə» adlı pyesi gənc tamaşaçılar teatrında səhnəyə qoyulmuşdur.