İndi qətiyyətlə demək olar ki, tarixi Azərbaycan ərazisi ən qədim insan məskənlərindən biri olub. Azərbaycan - qədim mədəniyyətlər ölkəsidir. Qədim insanlar Azərbaycan ərazisində hələ eopleystosen dövründə yaşamışlar.

O dövrdə müasir Azərbaycanın böyük bir ərazisi - demək olar, bütün düzənlik hissəsi Xəzər dənizinin suları aıtında olub.

Azərbaycan ərazisində ilk iri tayfa ittifaqları, görünür ki, erkən bürünc dövründə yaranmağa başlayıb.
Cənubi Azərbaycan və ətraf ərazilərdə məskunlaşmış tayfalar haqqında ilk yazılı məlumatlar eramızdan əvvəl XXIII əsrə aiddir. Həmin mənbələrdə kutilər, lullibilər, hurritlər və digər tayfalardan bəhs edilir.

Qədim dövrlərdə Azərbaycan dəfələrlə müxtəıif yadelli qəbilələrin hücumuna məruz qalmışdır. İranın şimal əyalətləri ilə qarışan Azərbaycan ərazisinin antropoloji materialını tədqiq etmiş mütəxəssislər belə hesab edirlər ki, eramızdan əvvəl IV minillikdən etibarən və sonrakı dövrlərdə bu ərazilərin sakinlərinin xarici görkəmində  müəyyən dəyişikliklər baş vermişdir ki, bu da çox güman, miqrasiyanın nəticəsidir.

Qədimdə Cənubi Azərbaycan torpaqları Manna dövlətinin - bu ərazidə qurulmuş ilk dövlətin tərkibinə daxil idi. Manna hələ eramızdan əvvəl VIII əsrdə o dövrün beynəlxalq münasibətlərində siyasi həyatın mühüm amilinə çevrilmişdi.

E.ə. I minilliyin əvvəlində midiyalılar tarixi səhnəyə çıxmışlar. Manna dövlətinin ərazisini çox vaxt Kiçik Midiya adlandırırdılar. 

Midiyalıların Cənubi Azərbaycanı zəbt etdiyi vaxtdan etibarən bu yerlərin tarixi - yerli xalqlarla qaynayıb-qarışmış midiyalıların yeni tarixidir. Bu, Yeni Midiya dövlətinin 300 illik tarixidir. Beləliklə, Atropatenin tarixi - midiyalıların bir hissəsinin - yerli əhaliyə assimilyasiya etmiş və onunla qaynayıb-qarışmış yeni midiyalıların tarixinin davamıdır.
E.ə. I minillikdə müasir Azərbaycanın böyük bir hissəsində iri qəbilələrlə qafqaz albanları yaşamışlar. Ən böyük qəbilələrdən biri, çox vaxt albanların özünə bənzədilən uti qəbiləsi idi. 

Azərbaycan xalqının formalaşmasında türklər, farslar və qafqaz xalqları iştirak etmişlər. Türk qəbilələri bu prosesdə üstünlük təşkil etmişlər.
VII əsrin əvvəllərində Zaqafqaziya ərəblər tərəfindən zəbt edildikdən sonra Alban çarlığı süqut etdi. 

VII əsrdə İslam dininin qəbul edilməsi ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.

Asiyanın mərkəzində güclü dövlət qurmuş monqollar XIII əsrin əvvəllərində ətraf ölkələrə hücuma keçdilər. Monqol-türk tayfalarının Azərbaycana gəlişi ölkənin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatına güclü təsir göstərdi.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti quruldu. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. O, xırda dövlətlərə - xanlıq və sultanlıqlara parçalandı. XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İran şahlığına birləşdirildi.
Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").
28 may 1918-ci il tarixdə Şimali Azərbaycanda azadlıq hərəkatı nəticəsində Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı ki, bu cümhuriyyət öz tarixinin ilk parlament respublikası olmaqla yanaşı, həm də bütün Şərqdə demokratik, hüquqi və dünyəvi dövlətin nümunəsi oldu.
1920-ci il aprelin 28-də Şimali Azərbaycan ərazisində Azərbaycan SSR yaradıldığı elan olundu. .

1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldi və . onu SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. 1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı.

1988-1993-cü illərdə Azərbaycan Ermənistanla münaqişə nəticəsində Dağılq Qarabağı və onun ətrafındakı rayonları, ümumilikdə öz ərazisinin 20%-ni itirdi. 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq hakimiyyəti zəbt etdi. 
1993-cü ilin iyun ayında, olkə üçün ağır bir şəraitdə xalqın tələbi ilə H.Əliyev yenidən hakimiyyətə gəldi və yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Əliyev vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı və qarşı tərəflə atəşkəs rejiminə nail oldu. Artıq real vüsət almış etnik qarşıdurmanın qarşısı alındı.

Heydər Əliyev 2003-cü ildə vəfat etdi. Bu gün Azərbaycan prezidenti İlham Əliyev ümumilli liderin işini ləyaqətlə davam etdirir. 
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət kimi nüfuz qazanmışdır. Burada hökm sürən sakitlik, sülh və sabitlik digər ölkələrlə siyasi, iqtisadi, mədəni və dini əlaqələrin genişlənməsinə müsbət təsir göstərir. Azərbaycan Respublikası öz xarici siyasətini qəbul edilmiş beynəlxalq sənədlər əsasında qurur.