DƏRZİNİN ŞAGİRDİ

 Biri var imiş, biri yox imiş, bir dərzi var imiş bunun da bir şagirdi varmış. Bu dərzi padşaha paltar tikirmiş ki, sabaha kimi hazır etsin. Odur ki, gecə şagirdi ilə işləməgə məşğul imiş. Dərzinin şagirdini gecənin bir vaxtı yuxu tutur; dərzi bunu gördükdə tez onu oyadır ki, qalx sabaha kimi paltar hazır olmasa padşah atamıza od vurar. Şagird uyqudan oyanıb ustadına deyir ki, qəribə yuxu görürdüm heyif oyatdın. Dərzi nə qədər bundan gördügü yuxunu söyləməyi xahiş edirsə oğlan cavab verir:

- Yuxum zahir olmasa söyləmərəm.

Qəzadan o gecə padşah şəhəri dolanırmış. Dolana-dolana dərzinin dükanının qabağına yetişəndə dükandan işıq gəldiyini görüb, darvazanın arasından baxanda görür ki, dərzi şagirdi ilə işə məşğuldur. Bir az qulaq asıb bunlar danışdığı sözlərin hamısını eşidir. Qərəz gecə paltarı tikib hazır edirlər və ertəsi gün şagirdin əlinə verib padşahın hüzuruna göndərir. Padşah şagirddən nə qədər soruşursa şagird ərz edir ki, yuxum zahir olmasa, söyləmərəm. Axırda padşahın açığı tutub bunu zindana salır. Padşah gündə bir dəfə şagirdi hizuruna istəyib gördüyü yuxunu buna söyləməyi əmr edirsə, şagird cavab verir ki, and olsun sənin tacına yuxum zahir olmamış söyləmərəm. Gənə padşahın acığı tutub onu zindana saldırdı.

Bir neçə müddətdən sora şagirdi zindanın dalını dəlir, zindanın dal səmti padşahın qızının həyətinə imiş. Oğlan gəldiyi yerdən çıxıb gedib padşahın qızının otağına girir. Baxıb görür ki, qız təxtin üstə yatmış, bir kəniz qızın ayağı üstündə, biri də başı üstündə oturmuşlar və bunlar da yatmışlar. Otağa göz gəzdirir ki, bir məstə də bir qab ləzzətli plov qoymuşlar. Oğlan əyləşir, doyunca plovdan yeyib genə də gəldiyi yol ilə zindana qayıdır. Padşahın qızı yuxudan qalxıb plovu yeyilmiş görəndə elə güman edir ki, onu kənizlər yemiş. Odur ki, onlara acıqlanır. Kənizlər isə and içib xəbərləri olmadığını qıza söyləyib onu inandırırlar. İki üç gecə bu hal davam edir. Axırda padşah işi həqiqət etmək üçün gecələr keşik çəkməyi qərara alır.

Gecənin bir vaxtı görür ki, qarı asıldı. İgid bir oğlan içəri girdi. Plovun cəmisini götürüb qabağına qoyub təmiz yedi və əlini yuyub təmiz silib ayağa qalxmaq istəyəndə, tez qız qalxıb biləyindən yapışıb kim olduğunu və buraya nə üçün gəldiyini bundan sorur. Oğlan əlacsız başına gələn qəzanı qıza nağıl edir. Qızın ona rəhmi gəlib buraxır. Bir gün qonşu vilayətin padşahı bir adam döndərib, bu şəhərin meydanında bir dairə çəkdirib bunun nəyə işarə olduğunu padşahdan sorur və özinə də deyir ki, cavab verə bilməsə, onda davaya hazırlansın. Padşah gəlib əhvalatını qızına söyləyib ondan tədbir istəyir. Qız isə cavab verir ki, bu işi zindandakılar yaxşı bilərlər çünki bekar olduqlarından həmişə fikir edirlər. Padşah gedəndən sora qız adam göndərib dərzi şagirdini çağırıb ona əhvalatı söyləyib deyir ki:

- Yarın atam səni hizuruna istəyəcəkdir və səndən dairənin nəyə işarə olduğunu soracaqdır. Onda ona söylə ki, qızını mana ver, söyləyim. Atam razı olacaqdır. Onda söylərsən ki, dairə ona işarədir ki, dünyanın cümləsi mənimdir. Ondan sora gedib dairəni iki bölərsən yəni yarısı sənin yarısı mənimdir. Sən də padşahsan, mən də. Onda onlar götürüb bir soğan qoyacaqlar, yəni aramıza acılıq düşər, onda sən də bir qılınc qoyarsan yəni dava edərsən. Onda o götürüb bir ovuc darı tökərsə, yəni mənim darı sayında qoşunum var. Onda sən də bir xoruz qoyarsan yəni bizim qoşunumuz sizin qoşununuzu xoruz kimi dənlər.

Qız bunları deyib oğlanı mürəxxəs edir.

Ertəsi gün padşah oğlanı hizuruna istəyib yuxunu söyləməyi tələb edir. Oğlan isə inadında davam edir. Sora padşah dairənin nəyə işarə olduğunu sorur. Oğlan cavab verir ki, qızını mana ver, söyləyim. Padşah söz verir. Odur ki, oğlan dairənin nəyə işarə olduğunu söyləyib, gedib dairəni iki bölür. Onlar götürüb bir soğan qoyurlar; bu da bir qılınc qoyur. Onlar bir ovuc darı tökürlər. Bu da bir xoruz qoyur. Qərəz, söz ilə onları məğlub edir.

Bir müddətdən sora həmən padşah bu padşaha üç erkək at göndərir ki, tapın görək bu atların hansı böyükdür və hansı daha kiçiydir. Padşah genə də qızının yanına gəlib ondan tədbir istəyir. Qız genə də əvvəlki cavabı verir. Padşah gedəndən sora qız oğlanı yanına çağırıb əhvalatı ona söyləyir ki, padşaha söylərsən ki, qızını mana ver, deyim. Razı olarsa, onda atı bu tövləyə salıb, yanlarına bir madyan buraxarsan və sora madyanın cilovundan tutub tövlədən çıxararsan, onda erkək atlar da onun dalıncan gələcəklər. Tövlədən qabaqcan çıxan böyük atdır; sora çıxan ortancıldır; axırda çıxan ən kiçik atdır. Ertəsi gün padşah oğlanı istəyib əvvəlcə yuxusun söyləməyi tələb edir. Gənə də oğlan inadına davam edir. Sora padşah atların yaşlarını təyin etməyi ondan tələb edir. Oğlan isə, qızını mana ver, söyləyim, - diyəndə padşah razı olur. Oğlan qızın söylədiyi kimi edib, qonşu padşahın elçisinə qalib gəlir.

Bir müddət padşaha bir düz ağac göndərib bunun uc tərəfiylə dib tərəfini təyin etməyi tələb edir.

Padşah genə də qızın yanına gəlib ondan təbdir istəyir. Qız genə də əvvəlki cavabı verir. Padşah gedəndən sora qız oğlanı çağırtdırıb əhvalatı söyləyib, oğlana deyir ki, bu dəfə atamdan tələb elə ki, kəbini kəsdirsin. Elə ki kəbin kəsildi ağacı suya atarsan. Əvvəlcə uc tərəf sudan çıxacaq sora da dib tərəfi.

Bunu deyib oğlanı yola salır.

Ertəsi gün padşah oğlanı genə də hizurinə istəyir və oğlandan yuxusunu söyləməyi tələb edir. Oğlan genə də əvvəlki cavabı verir. Sora padşah ağacı uc tərəfi ilə dib tərəfini təyin etməyi xahiş edir. Cavab verir:

- Qabaqca qızın kəbinini kəsdir, sora təyin edim.

Padşah əlacsız qızın kəbinini kəsdirib oğlana verir. Sora oğlan qızın dediyi kimi ağacı suya atmaq ilə uc tərəfi ilə dib tərəfini təyin edib genə də elçiyə qalib gəlir.

Bir neçə aydan sora qonşu padşah şaha kağız yazıb təvəqqe edir ki, kürəkənini ona qonaq göndərsin. Oğlan əhvalatı qıza söyləyir. Qız götürüb həmən padşahın qızına bir kağız yazır ki, qoyma, atandan bu oğlana bir zərər yetişsin.

Oğlan kağızı alıb gedir, kağızı qabaqca padşahın qızına verir. Bu padşah bir bəhanə ilə oğlanı öldürmək istəyirmiş, odur ki, təklif edir ki, qırx günə kimi bu qayadan mana bir don tikəsən, yoxsa boynunu vırdıracağam.

Oğlan gəlib əhvalatı padşahın qızına söyləyir. Qız cavab verir ki, qorxma, vədə günündə səndən sorsa ki, niyə tikməmişsən? Cavab ver ki, sap vermədin onda padşah nökərlərə acıqlanacaq ki, niyə buna sap vermədiniz? Sən söylə ki, o sap ilə tikmək olmaz, gərək qumdan sap eşilsin. Onda deyəcək qumdan sap eşilərmi, cavab ver ki, bəs qayadan don tikilərmi? Padşahın sözü kəsilər.

Oğlan qız dediyi kimi edib padşahı sakit edir.

Padşahın oğlan xoşuna gəlib o da qızını buna verir. Oğlan qızı götürüb öz vilayətinə gəlir. Bir ildən sora bunun hər arvaddan bir oğlu olur. Bir gün oğlan oğlanın birini bir dizinin, o birini bir dizinə alıb, arvadının da biri sağda, biri solda oturmuş. Bu halda padşah qapıdan daxil oldu, oğlan istiyir ki, ayağa dursun padşah başınan qoymur.

- Gecə yuxuda dördim ki, bir ulduz sağ dizimdə, biri sol dizimdə, biri sağımda, biri solumda oturtmuşam. Bu halda gördüm göydən ay gəlib başımnan basdı, - deyib yuxusun söylədi.

Bundan sora şad və rahat yaşayıb, yeyib içib kefdə-damaqda olurlar.

###

 

SİÇAN VƏ PİŞİK


Biri var idi, biri yox idi, yer üzündə bir siçan var idi, bir pişik.

Günlərin bir günü həmin bu siçan yuvasından boylanıb pişiyə dedi:

- Gəlsənə qardaş olaq?

Pişik etiraz elədi:

- Yox, səndən mənə qardaş olmaz.

Siçan soruşdu:

- Niyə?

Pişik cavab verdi ki, sən qorxaq, oğru, ziyankarsan.

Siçan peşman-peşman söylədi:

- Doğrudur, bir az qorxaqlığım var, amma nə oğruyam, nə də ziyankar.

Pişik külüb dedi:

- Bəs un, buğda çuvallarını yırtıb daqıdan, sən deyilsən?

Siçan kinayə ilə çavab verdi ki, ay pişik qardaş, bəs sən özün heç nə yemirsən? hava ilə dolanırsan? Pişik acıqla söylədi :

- Əvvəla mən miyoldayıb yemək istəyirəm, ev sahibi də ətdən, çörəkdən verir. Amma sən oğurlayırsan.

Çox uzun söz-söhbətdən sonra pişik dedi:

- Yaxşı, nə deyirəm, gəl dost olaq, amma mənə xəyanət eləsən, özündən küs.

Siçan razılaşdı. Dostlaşıb bir yerdə yaşamağa başladılar. Günlərin birində siçan dedi:

- Pişik qardaş, indi payızdır, havalar yaxşı keçir, nə istəsək tapıb yeyirik. Bir azdan qış kirəcək, hər yeri qar örtəcək, yeməyə heç nə tapmayacağıq, gəl indidən özümüzə azuqə yığaq.

Pişik xəbər aldı:

- Necə yığaq?

Siçan dedi:

- Mən kimin gözünə. görünsəm baş-gözümü əzər. Yaxşısı budur sən gündə bir evə get, kim nehrə çalxasa miyolda, yağ istə, versinlər, gətir gəl, yığıb qışa saxlayaq.

Pişik bu təkliflə razılaşdı. Gündə bir evə kedib xeyli yağ yığdı. Siçanla pişik bir küpə tapıb yağı doldurdular içinə, aparıb bir ağacın dibində basdırdılar, sonra qayıdıb gəldilər evlərinə. Aradan bir müddət keçdi, qış yaxınlaşdı, tamah siçana güc gəldi, pişiyə yalan satıb dedi:

- Pişik qardaş, bu gün əmim oğlunun ad qoydusudur, məni qonaq çağırıblar, icazə ver gedim.

Pişik dedi:

- Get, amma tez gəl.

Siçan evdən çıxıb gəldi yağı basdırdıqları yerə, torpağı eşib. küpənin ağzını açdı, yağdan bir az yedi, küpənin üstünü torpaqlayıb qayıtdı evə.

Pişik soruşdu:

- Siçan qardaş, əmin oğlunun adını nə qoydular?

Siçan cavab verdi:

- Bir azacıq. 
Pişik dedi:

- Adı ilə böyüsün, amma bu adın mənasını başa düşmədim.

Siçan dedi:

- Pişik qardaş, bu adın mənası mənə də aydın deyil. Bundan başqa xalam oğlunun və bibim oğlunun da ad qoydusu olacaq,ora da kedib qayıdanda hamısını birdən öyrənib deyərəm.

Aradan bir neçə gün keçdi, siçanın könlünə yenə yağ düşdü. Odur ki, dedi:

- Pişik qardaş, indi də xalam oğlunun ad qoydusudur, məni qonaq çağırıblar, getməsəm küsərlər, izin ver gedim.

Pişik bu dəfə də icazə verdi. Siçan sevinə-sevinə qaçıb gəldi həmən ağacın dibinə, torpağı eşib küpəni tapdı, ağzını açıb yağı yarısınacan yedi. Sonra yenə küpənin üstünü torpaqlayıb evə qayıtdı.

Pişik siçanın qayıtdığını körüb dedi:

- Siçan qardaş, xalan oğlunun adını nə qoydular?

- Yarısınacan,-deyə siçan cavab verdi.

Pişik dedi:

- Çox qəribə adlardır.

Siçanla pişik bir neçə gün də bir yerdə yaşadılar. Siçan gördü ki, havalar bərk soyuyur, bir-iki gündən sonra qar yağsa gedib yağı tapa bilməz, odur ki, dedi:

- Pişik qardaş, indi də bibim oqlunun ad qoydusudur. Bibim məni qonaq çağırıb, getməsəm yaxşı düşməz, küsərlər, deyərlər ki, siçan bəy, xalası oğlunun, əmisi oğlunun, ad qoydusuna gəldi, amma bizi saya salmadı. Xahiş edirəm, mənə icazə ver axırıncı dəfə bibimkilə gedim.

Pişik dedi:

- Siçan qardaş, mən bir söz demirəm get, amma tez gəl darıxıram.

Siçan «baş üstə» deyib yola düşdü. Gəlib küpəni çıxartdı, içindəki yağın hamısını yeyib boş küpəni yenidən torpaqladı. Siçan tələsik evə qayıtdı. Pişik soruşdu ki, siçan qardaş, bu dəfə bibin oqlunun adını nə qoydular? Siçan cavab verdi ki, axırınacan. Pişik başını bulayıb güldü.

Siçan dedi:

- Pişik qardaş, niyə gülürsən, olmaya adlar xoşuna gəlmədi?

Pişik dedi:

- Məh eşitmişəm ki, hər adın bir mənası var. Amma bu adların mənasını başa düşə bilmədim.

Siçan dedi:

- Bu adların mənasını qışda küpəyə baxanda bilərsən.

Pişik dedi:

- Ay siçan, nə danışırsan, küpənin ada nə dəxli?!

Bu vaxt birdən yağküpəsi pişiyin yadına düşdü.

Pişik dedi:

- Siçan qardaş, yaxşı ki, küpə sözünü dedin, axı bizim yağ küpəmiz yaddan çıxıb, kedək bir ora baş çəkək, görək dururmu.

Siçan dedi:

- Pişik qardaş, indicə yoldan gəlirəm, bərk yorulmuşam, sabah gedərik.

Pişik razı oldu. O kecə yatdılar, səhər pişik dedi:

Siçan qardaş, di dur gedək küpəyə baxaq.

Siçan istədi bu dəfə də getməsin, pişik əl çəkmədi. İkisi də durub getdilər, ağacın altındakı küpəni qazıb çıxartdılar. Gördülər küpə. boşdur. Pişik siçana dedi:

- Ay gələkbaz, yağı sən yeyibsən.

Siçan da ona dedi ki, yox özün yeyibsən. Yağın üstündə siçanla pişik başladılar dalaşmağa.

Pişik dedi:

- Ay siçan, mən bu qədər yağı axı necə yeyə bilərəm?

Siçan dedi:

Əvvəlcə bir az, sonra yarısınacan, sonra da axırınacan.

Pişik bu sözləri eşidəndə barmağını dişləyib dedi:'

- Bu sözlər mənə tanışdı. Demək sən qohumlarının ad qoydusuna gedəndə yağı xırda-xırda yeyirmişsən. İndi mən də səni yeyərəm əvəzi çıxar.

Siçan dedi:

- Pişik qardaş, axı biz dostuq. Dost dostu yeməz.

Pişik dedi:

- Doğrudur dost dostu yeməz. Yadındadırmı mən səninlə şərt kəsmişdim ki, məni aldatsan, oğurluq eləsən, səni yeyəcəyəm. İndi görürəm xəyanətdən əl çəkməyibsən, ona görə əlimdən qurtara bilməyəcəksən. Sən mənim yağımı oqurlayıb yedin, mən də səni yeyəcəyəm.

Pişik atılıb siçanı yedi.

###

 

USTA ABDULLA

Günlərin bir günüdə sana kimnən xəbər verim, Yəmən vilayətinnən. Yəmən vilayətində bir padşah vardı. Bı imarət tikdirirdi. Hankı ustanı gətirirdi, boynun vırdırırdı. Hörgü yarımçıq qalırdı. İsfahanda bir usta Abdulla vardı. Bı eşitdi ki, padşah belə iş görür. Bı əhvalatı eşitcək durdu, hər həməssalanın götürüb düşdü yola. Bəli, yolların kənarıynan, dağların dabanıynan, amma dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi özün yetirdi Yəmən şəhrinə. Soruşdu kimin hörgüsü var, usdayam hörəcəyəm, dedilər:

- Padşahın hörgüsü var, elə yarımçıxdı.

Apardılar bunu padşahın yanına. Padşah bunnan soruşdu:

- Adın nədi?

Dedi:

- Adım usta Abdulladı, İsfahanlı.

Dedi:

- Usta Abdulla!

Dedi:

- Bəli.

Dedi:

- Görürsən, mənim bu imaratımı? Onu hörərsənmi?

Dedi:

- Padşah sağ olsun, mən tikəcəyəm. Ancax sənnən belə danışax ki, fəhləni verərsən, onnarın ixtiyarına da verərsən. Ancax yanıma da gəlməzsən.

Bir neçə fəhlə tutdu, verdi bunun əlinin altında işləməyə. Dedi:

- Bax sizin ixtiyarınızı da verirəm buna, lap öldürmək ixtiyarını da.

Fəhləni gətirənnən sora dedi:

- Bilirsiniz nə var?

Dedilər:

- Yox!

Dedi:

- Mənim ağzımnan nə çıxsa, onu elərsiniz.

Başdadılar hörməyə. Gördü padşah gəlir. Dedi:

- Bir adam dinə bilməz, siz elə batdax verin, kərpic verin.

Padşah vəzir-vəkilnən gəldi. Dedi:

- Allah qüvvət versin!

Bir kisə qızıl xələt tulladı. Usta Abdulla kisəni qoyub hördü. Dedi:

- Verin batdax, ver kərpic.

Vəzir padşahın üzünə baxdı, padşah vəzirin üzünə baxdı.

Vəzir dedi:

- Bunun arvadı yəqin gözəldi ki, bu belə eliyir.

Dedi:

- Usta, sənin evin İsfahanda hardadı?

Dedi:

- Mənim evim İsfahanda məşhurdu, gedəndə gennən görükür.

Vəzir yeməlidən, işməlidən, geyməlidən götürdü, dedi:

- Gedəciyəm bunın arvadının görüşünə.

Vəzir düşdü yola. Günə bir mənzil, teyimə nazil, özün yetirdi İsfahana. O küçəynən atı sürdü, gördü bir ağ imaratdı ki, nətər. Yavaşyavaş atı sürdü qapıya, gördü ki, bir qarı oturup qapının ağzında. Dedi:

- Qarı nənə, usta Abdullanın evi budı?

Dedi:

- Bəli, budı, başına dönüm!

Arvad atı bağladı, vəzir yol elədi qırx pilləkannan çıxmağa. Pilləkannan beş pilləkan çıxmışdı, gördü, pilləkan bunı tulladı aşağa. Düşdü bir zirzəmiyə. Bir də gördü, iki əli payalı adam girdi içəri, dedi: - Vəzir, nə əlinnən gəlir, deynən.

Vəziri hərəsi bir yannan payalamağa başdıyanda, dedi:

- Başınıza dönüm, öldürmüyün məni, papax tikmək gəlir əlimnən.

Padşahınan vəkil gözdədilər, gördülər gəlmədi. Padşah dedi:

- O arvada bənd oldu. Vəkil sən də get.

Vəkil də ipək parçalardan-zaddan alıb doldurdu xurcunu. Atı minib düşdü yola. Günə bir mənzil, teymə nazil, özün yetirdi həmən şəhərə. Bı da gəldi gördü, darvazanın ağzında bir qarı oturub, dedi:

- Qarı nənə, Usta Abdullanın evi budı?

Dedi:

- Bəli, budı başına dönüm.

Arvad genə çıxdı, dedi:

- Buyur yuxarı.

Bı bir pilləkan, iki pilləkan çıxdı, beşimci də bu da düşdü zirzəmiyə, gördü, vəzir bir yanda dəri bir yanda iynə-sap papax tikir. Bir vədə gördü, iki əli ağaşdı gəlip başdadı vəkili döyməyə. Vəkil dedi:

- Ay aman döymiyin, öldürmüyün, çarıx tikmək bilirəm.

Padşah gördü bular gəlmədi, yerində bir tirmə qoydu. Özü düşdü yola. Bəli, bu da özün yetirdi İsfahan şəhrinə. Gəldi gördü bir qarı oturub qapının ağzında. Dedi:

- Qarı nənə, usta Abdullanın evi budı.

Dedi:

- Bəli, budı. Buyur, yuxarı.

Bu da çıxmaq istədi düşdü zirzəmiyə. Gördü vəzir papax tikir, vəkili də çarıx. Dedi:

- Bı nədi?

Dedilər:

- Dinmə, işimiz yamandı.

Onda qapı açıldı, iki əli payalı adam içəri girib başdadı padşahı döyməyə:

- İşini de.

Dedi:

- Mən padşah olmamış atıcılıq elərdim!

O saat yun gəldi, toxmax-kargah... Bu da başdadı atıcılıq eləməyə.

Usta Abdulla imaratı tikdi, qurtarannan sora düzəldi yola. Gəldi dedi:

- Arvad, nə iş gördün?

Dedi:

- Get zirzəmiyə, gör nə iş görmüşəm.

Abdulla zirzəmiyə girdi, gördü paho, kimi çarıx tikir, kimi papax tikir, padşah da atıcılıq eliyir. Dedi:

- Padşah! Həmişə bu gündə.

Usta Abdulla buları çıxarıb gətirdi, öz haqqın aldı. Buları da saldı yola dedi:

- Get, bir də belə qələti eləmiyin.

O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü: biri sənin, bir mənim, biri də nağıl deyənin.

###

CIRTDAN

 

 Biri vardı, biri yoxdu, bir qarı vardı. Bu qaranın bir balaca nəvəsi vardı. Nəvə o qədər balaca idi ki, ona Cırtdan deyərdilər.

 Bir gün Cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər, gəlib nənəsinə dedi:

 -Ay nənə, uşaqlarla oduna mən də gedəcəyəm.

 Qarı uşaqları çağırıb hərəsinə bir parça yağ yaxmacı verdi. Cırtdanı da onlara tapşırdı.

 Yolda Cırtdan özünü yerə vurub getmədi, yoldaşları dedilər:

 -Ay Cırtdan, niyə gəlmirsən?

 Cırtdan dedi:

 -Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.

 Yoldaşları onu növbə ilə dallarına alıb, meşəyə gətirdilər.

 Uşaqlar başladılar odun yığmağa. Gördülər ki, Cırtdan yığmır. Dedilər:

 -Ay Cırtdan, sən niyə odun yığmırsan?

 Cırtdan cavab verdi:

 -Nənəm məni sizə tapşırıb, mənə də yığın.

 Uşaqlar ona da odun yığdılar. Sonra hər kəs öz odununu şələ bağlayıb dalına aldı. Gördülər Cırtdan oturub baxır. Ona dedilər:

 -Ay Cırtdan, sən niyə odununu götürmürsən?

 Cırtdan cavab verdi:

 -Nənəm məni sizə tapşırıb, mənim odunumu da götürün.

 Uşaqlar əlacsız qalıb, onun da odununu dallarına götürdülər. Bir az yol gedəndən sonra gördülər ki, Cırtdan geridə qalıb ağlayır. Dedilər:

 -Ay Cırtdan, niyə ağlayırsan?

 Cırtdan cavab verdi:

 -Yorulmuşam. Nənəm sizə yağ yaxmacı verdi....

 Y oldaşları onun sözünü ağzında qoydular. Onlardan biri Cırtdana acığlandı:

 -Pis öyrənərsən. Daha səni dalımıza götürən deyilik!

 Cırtdan əlacsız qalıb yoldaşlarının dalınca getməyə başladı. Onlar bir xeyli getdikdən sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə it hürür. Biri dedi: işıq gələn tərəfə gedək, o biri dedi: it hürən tərəfə. Bilmədilər ha tərəfə getsinlər. Axırda Cırtdandan soruşdular:

 -Ay Cırtdan, it hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?

 Cırtdan cavab verdi:

 -İt hürən tərəfə getsək, it bizi qapar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapa bildik.

 Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar. Div onları görəndə sevinib öz-özünə dedi: "Yaxşı oldu. Gecə onları bir-bir yeyərəm." uşaqlara bir az çörək yedirdib yatırdı. Gecədən bir az keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb-yatmadığını bilmək üçün dedi:

 -Kim yatıb, kim oyaq?

 Bu sözü eşidəndə Cırtdan tez başını qaldırıb dilləndi:

 -Hamı yatıb, Cırtdan oyaq.

 Div soruşdu:

 -Cırtdan, niyə yatmırsan?

 Cırtdan dedi:

 -Nənəm mənə hər gecə qayğanaq bişirərdi, yedirib yatırardı.

 Div qalxdı, tez qayğanaq bişirib Cırtdana yedirtdi ki, bəlkə yatsın.

 Bir qədər keçəndən sonra div yenə soruşdu:

 -Kim yatıb, kim oyaq?

 Yenə Cırtdan başını qaldırıb dedi:

 -Hamı yatıb, Cırtdan oyaq.

 Div soruşdu:

 -Cırtdan, indi niyə yatmırsan?

 -Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi.

 Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan da tez yoldaşlarını oyadıb dedi:

 -Bu div bizi yemək istəyir. Qalxın, qaçaq.

 Uşaqlar tez qalxdılar, qaçıb çaydan keçdilər.

 Bu tərəfdən div nə qədər xəlbiri suya salıb qaldırsa, gördü ki, xəlbirdə su qalmır. Axırda təngə gəlib qayıtmaq istəyəndə, bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. İstədi sudan keçib uşaqların dallarınca düşsün, amma keçə bilmədi. Axırda onları səslədi:

 -Ay uşaqlar, sudan nə təhər keçdiniz?

 Cırtdan tez cavab verdi:

 -Get bir dənə dəyirman daşı tap, boynuna keçirt, özünü suya at, onda keçərsən.

 Div Cırtdanın sözünə inandı, gedib bir dəyirman daşı tapı boynuna keçirtdi, özünü suya atdı, suda boğulub öldü.