Oxu.Az xəbər verir ki, həmsöhbətimiz LSS-in kapitanı və "Universal Group"un direktoru Cavid İsmayılovdur.

Hazırda Azərbaycan Diplomatik Akademiyasında ikinci ali təhsilini davam etdirən Cavid bəy bizimlə söhbətdə komandasının çempionluq imkanlarından və turnirdə komandası ilə bağlı yaşananlardan danışdı.

- Alfa Liqadan necə xəbər tutdunuz?

— Bir "WhatsApp" qrupumuz var. Digər həvəskar liqada oynayan bəzi yoldaşlar həmin qrupdadır. Tamerlan (TOTA komandasının kapitanı Tamerlan İbrahimovu nəzərdə tutur — S.M.) həmin qrupda Alfa Liqa haqda məlumat yazmışdı.

Elə oradan xəbər tutduq, daha sonra maraqlanıb qeydiyyatdan keçdik. Ümumiyyətlə, bu tip çempionat və turnirlər sosiallaşma, yeni tanışlıqlar və əlaqələr baxımından çox yaxşıdır, çox münasibdir.

- Bu çempionatda hansı fərqlilikləri müşahidə etmisiniz? 

— Öncə meydançaları qeyd etmək istərdim. Çox rahat meydançalardır. Hakimlər digər turnirlərdəki hakimlərdən daha yaxşıdır. Misal üçün, sizin çempionatda Rahin (Alfa Liqanın oyunlarını idarə edən Heybətov Rahini nəzərdə tutur — S.M.) hakimi görəndə yaxşı mənada təəccübləndim.

Rahini çoxdan tanıyıram, çox yaxşı hakimdir. Özü də o, hər turnirdə oyun idarə etmir. Elə hakimin bu çempionatda oyun idarə etməsi Alfa Liqanın səviyyəsindən xəbər verir. 

- Qrupda ilk iki oyunda qələbə qazanmışdınız. Sonuncu turda məğlubiyyətiniz gözlənilməz oldu. Yəqin,  şokda idiniz…

— Həmin oyun öz oyunumuzu oynamadıq. Futbol oynamadıq, elə ancaq dalaşırdıq. Rəqib imkan vermədi oynamağa. Kobud oynayırdı, vaxtı uzadırdı. Bizi bu yolla hövsələdən çıxardılar. Psixoloji baxımdan "Bayern Baku" bizdən daha hazırlıqlı idi.

Kifayət qədər imkanlarımız oldu, amma müəyyən epizodlarda bəxtimiz gətirmədi. Təsəvvür edin, rəqibin bizə künc zərbəsindən ev tapşırığı ilə vurduğu üçüncü qolu biz bir ildir ki, məşq edirdik.  Amma özümüz elə qol buraxdıq.

Açığı, o komandaya uduzmaq istəməzdim. Bilirsiniz, altı xalla qrupda qalmaq nadir hadisədir. Adama pis təsir edir.

- Qrupda III yer tutmağınıza baxmayaraq, çempionatda mübarizəni davam etdirmək imkanı qazandınız…

— Açığı, mən də təşkilatçıların yerinə olsaydım, TOTA ilə "Eminspor"un etdiklərinə göz yummazdım. 1/8 finala çıxmağımız rəsmiləşəndə düşündüm ki, yəqin, bu dəfə çarxı-fələk bizim xeyrimizə fırlanır. Çünki bir çox turnirlərdə bəxtimiz gətirməyib, son anlarda çempionluğu əldən vermişik. Adam nəsə qazanmaq istəyir.

- Artıq yarımfinaldasınız. Digər üç komanda haqda nə deyə bilərsiniz? Danimarkanın Avro-1992-dəki uğurunu təkrarlaya biləcəksiniz?

— Düzü, bu mərhələdə ehtiyat etdiyim komandaların heç biri qalmayıb. ICE ən güclü hesab etdiyim komanda idi ki, onları keçə bildik. İOSC kifayət qədər güclü komanda idi və artıq mübarizəni dayandırıblar.

"Uğur"a yoldaşlıq görüşündə böyük hesabla məğlub olmuşduq deyə, onlardan ehtiyat edirdim. "Galaxy" 1/2 finaldakı rəqibimiz "Peçat Dönər"ə məğlub oldu. Həmin dörd komanda daha güclü idi, nəinki içi biz qarışıq yarımfinala qalan komandalar.

Yarımfinaldakı dörd komandanın hər biri bərabər səviyyəli rəqiblərdir. "Peçat Dönər"in heyətində Əsgər və İlkinlə tanışıq. Müdafiəçiləri Ceyhunla bu il üç dəfə fərqli turnirlərdə rəqib qismində qarşılaşmışıq, hamısında da qalib tərəf olmuşam. Ona görə də ona qarşı oynamaq mənə rahat olacaq. Psixoloji üstünlüyüm var (gülür).

KATV1 — "Sirena Motors" cütündə düşünürəm ki, "Sirena Motors" daha yaxındır finala. Amma biz KATV1 ilə oynamaq istərdik. Onların oyunlarına baxmışıq, məncə, daha uyğun rəqibdir. Həm də "Sirena Motors"u artıq bir dəfə qrupda məğlub etmişik. İkinci dəfə onlarla qarşılaşmaq bizə sərf etməz (gülür).

O stadionda artıq bir dəfə Azfar Biznes Liqasının finalında məğlub olmuşam və hələ də onun acısını tam unutmamışıq. Ona görə də finala çıxsaq, təkrar o stadionda məğlub olmaq istəmərəm.

- ICE ilə oyunda baxımlı qola imza atdınız və komandanı məğlubiyyətdən xilas etdiniz…

— Yeri gəlmişkən, çempionatdakı ilk qolum idi. Zərbəni sol ayağımla endirdim. Hesablasam, üst-üstə indiyə kimi sol ayaqla bir-iki qol vurmuşam. Həmin epizodda zərbəm alındı. Ümumiyyətlə, fiziki cəhətdən cüssəli olduğum üçün irəlidə futzalda mövcud olan "dirək" oyunçusu funksiyasını yerinə yetirirəm.

- Deyəsən, ICE ilə penaltilər seriyasında zərbəni yerinə yetirərkən həyəcanlı deyildiniz…

— Əsgər ilk zərbəmizi qola çevirə bilməmişdi. Mən komandanın üçüncü penaltisini vururdum, məndən sonra isə Mişa (ICE-nin oyunçusu Mixail Şakaya — S.M.) vurmalı idi. Düşünürdüm ki, onsuz da rusiyalı legioner penaltini qaçırmayacaq. Ona görə də topa gələrkən sərbəst idim, itirəcəyimiz heç nə yox idi.

Üzərimdə təzyiq hiss etmirdim. Sağ olsun Mişa (gülümsəyir). Qapıçımız Musa sağ olsun. Əsas vaxtda kobud səhvdən qol buraxmışdı. Elə epizodlarda qapıçıların yerində olmaq istəmərəm. Amma penaltilər seriyasında sonda özü qol vurdu, daha sonra isə rəqibin penaltisini dəf edib komandanı yarımfinala daşıdı. Məncə, elə Musanı oyunun qəhrəmanı saymaq olar.

- Həvəskar şəkildə oynanılan minifutbolda artıq oyunçulara pul mükafatları, həvəsləndirici pullar ödənilir. Bu vəziyyətə münasibətinizi bilmək istərdik.

— Oyunçulara pul ödənməsinə normal baxıram. Biz də oyunçulara həvəsləndirici mükafatlar ödəyirik. Sən oyunçuya pul verməsən, başqa komanda ona pul təklif edəcək və o gedib həmin komandanın heyətində oynayacaq. Nümunə kimi bizim "Universal" komandasını göstərə bilərəm. Təmənnasız oynayan uşaqlardan ibarət komanda idi. Sonucda qrupda qaldılar.

- LSS və "Universal" komandaları payızda start götürəcək Alfa Liqada yenidən mübarizə aparacaqlarmı?

— Yüz faiz! Hər iki komanda növbəti çempionatda iştirak edəcək. Təşkilatçılıq, iştirakçılara olan yanaşma, "becik" və lisenziya kartlarının olması, təhlükəsizlik baxımından kənar şəxslərin meydançaya buraxılmaması, videoçəkilişin olması, oyunların tam və xülasə şəklində təqdim edilməsi Alfa Liqanı digər həvəskar çempionat və turnirlərdən bir addım öndə saxlayır.

S.M.