Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən "Neftçi" — "Qarabağ" matçı sonrası qonaqların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis görüşlə bağlı bunları deyib: "Gərgin mübarizənin şahidi olduq. Sadəcə gözlədiyimiz qol gəlmədi. Çempionatın ən sürətli matçlarından birini izlədik. "Neftçi" ilə oyunun çətin keçəcəyini bilirdik. Onlar artıq pik nöqtədədirlər.

- Hücumların başlamasında Şehiçə xüsusi tapşırıq vermisiz?

— Boşda qalan futbolçumuz Şehiçdi. Hər oyunda çalışırıq ki, hücumları Şehiçin üzərindən başlayaq.

- Mübahisəli epizodla bağlı nə deyə bilərsiniz…

— Heçnə danışmadıq. Normal oyun epizodu idi.

—  Sanki birinci hissədə "Qarabağ" daha çox güc sərf etdi, ikinci yarıda isə yox…

— Ola bilər ki, rəqib daha çox qaçdı. Qələbələriimizdən sonra futbolçularımızda özünəinam vardı. Rəqibin imkan verdiyi qədər oynadıq.

- Çempionatın səviyyəsi sizi qane edirmi?

— Bəli, yaxşıdı. Bəzi komandalar oyun sistemini dəyişir. İlk dövrə ilə müqayisədə fərq var.

- Türkiyə mətbuatı yazır ki, "Trabzonspor" mövsümün sonu bütün futbolçularını geri qaytaracaq. Ramil Şeydayevin aqibəti necə olacaq?

— Bunu mövsümün sonu görə bilərik. Hələ ki, bu barədə düşünmürük. Həm biz, həm də Ramil düzgün qərar verməliyik.

- Ufuk Budaka təklif göndərdiyiniz, futbolçunun isə gələ bilmədiyi üçün AFFA-dan üzr istədiyi bildirilir…

— Xeyr, sadəcə zədəli idi. Onun üçün gələ bilmədi. Üzr istəməsini bilmirəm.

- Çempionatın əksər oyunlarını izləmisiniz. Millimizin heyətini nə vaxt açıqlayacaqsınız?

— İnşallah, sabahdan etibarən açıqlanacaq.

—  Heyətdə sürpriz futbolçu görə biləcəyik?

— Dəyişikliklər olacaq.