Müsəlmanların Müqəddəs Quranında deyildiyi kimi və Sünnəyə əsasən, Qurban bayramında Ulu Tanrı qarşısında ən vacib əməl heyvan kəsilməsidir. Müqəddəs Quranda deyilir: "Biz qurbanlıq heyvanları də sizin üçün Allahın (dininin) ayinlərindən etdik" (Quran, 22-ci surə - "Həcc", 36-cı ayə).

Qurban bayramı İslamın ən vacib şərtlərindən biri - Məkkəyə və ətrafdakı digər müqəddəs yerlərə həcc ziyarətinin ən yüksək məqamıdır.

Hər il Hicri təqviminin (ay təqvimi) Zülhiccə ayının 10-da dünyanın bütün müsəlmanları ilin ən vacib dini hadisəsini - "İd-əl-adxa"nı, Rusiya və MDB ölkələrində yaşayan müsəlmanların "Qurban bayramı" adlandırdığı bayramı qeyd edirlər. Bayram 3 gün davam edir. Bu müddət ərzində imkan dairəsində xeyirxah işlər görmək, doğmaları, yaxınları, ümumiyyətlə hamını - tanış olan və olmayanları sevindirmək lazımdır.

Qurban bayramının tarixi:

Qurban kəsilməsi İslam tarixində xüsusi yer tutan İbrahim peyğəmbərin (Ə) adı ilə bağlıdır. İbrahim peyğəmbər (Ə) həmişə Allaha sonsuz inam və məhəbbət, Onun hər iradəsini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirirdi. Peyğəmbər üçün ciddi sınaq və Rəhmdil Allaha sədaqətinin sübutu onun ilk övladı İsmayıllın tarixi ilə əlaqəlidir. Övladı olmayan İbrahim (Ə) qoca yaşlarında Allaha yalvararaq, dua etdi: "Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!" (37-ci surə - "Səf-səf duranlar", 100-cü ayə). İbrahimin (Ə) duasını qəbul edən Tanrı ona bir oğlan uşağı bəxş etdi. Uşağın adını İsmayıl qoydular. İllər ötdü. İbrahimin (Ə) oğlu İsmayıl öz atasına dayaq duracaq həddə yetişdi. Lakin Tanrı İbrahimi (Ə) ciddi sınağa çəkdi.

Bir dəfə İbrahim yuxuda gördü ki, oğlu İsmayılı Allah yolunda qurban kəsir. Bu yuxudan İbrahim başa düşdü ki, Tanrı onun üçün ən qiymətli olan sevimli oğlunu qurban kəsməyi tələb edir. Peyğəmbər İsmayıla dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!" İsmayıl (Ə) cavabında dedi: "Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa, mənim səbrlilərdən olduğumu görəcəksən". İbrahim öz doğma oğlunu "üzüüstə yerə yıxıb" üzərinə bıçaq çəkmək istədi. Lakin, Allah ona səsləndi: "Ey İbrahim! Artıq sən yuxunu təsdiq etdin! Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aydın bir imtahandır. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik" (37-ci surə - "Səf-səf duranlar", 102-107-ci ayələr). Allah öz ləyaqətli peyğəmbərini bu cür mükafatlandırdı.

Onda İbrahim (Ə) qoçu qurban kəsdi.

Bu sınaq insanları başa salır ki, dünyaların Hökmdarı olan Allahın heç bir qurbana ehtiyacı yoxdur, bundan əlavə, O, insan ölümünü, onun qanının tökülməsini istəmir. Beləliklə, Qurban bayramı uca Rəbbin qüdrət və rəhminin, eləcə də vəhylə Məhəmməd peyğəmbərə (Ə) göndərdiyi elmin doğruluğunun rəmzidir.

Məkkə yaxınlığında baş vermiş bu hadisə vacib İslam qanunlarından biri olan qurban kəsmək ənənəsinin əsasını qoydu. İbrahimin (Ə) dövründən başlayaraq, bütün inananlar bu qanuna riayət edir və Tanrının xeyirxahlığını, Onun insan qanı tökməmək barədə iradəsini xatırlayaraq, bir-birini xeyirxah əməllərə, başqalarının dərdinə şərik olmağa, ürəyiaçıqlığa və səxavətə səsləyirlər.

Digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramını səhər erkəndən qeyd etməyə başlayırlar. Səhər tezdən Bakı müsəlmanları ən iri məscid olan "Təzə Pir" məscidinə səhər namazına gəlirlər. Məscidə daxil olmazdan əvvəl dəstəmaz almaq, təzə və səliqəli paltar geymək, imkan daxilində ətir vurmaq lazımdır. Məsciddə bayram duaları oxunur: müsəlmanlar uca Tanrıdan sağlamlıq, sülh və müvəffəqiyyət diləyirlər.

Namazdan əvvəl yemək məsləhət deyil. Səhər namazından sonra müsəlmanlar evlərinə gəlirlər. Bundan sonra onlar yenidən məscidə qayıdır və yaxud xüsusi olaraq ayrılmış meydançalara toplaşırlar. Burada molla və ya imam - xətib xütbə oxuyur. Xütbə oxunduqdan sonra müsəlmanlar adətən qəbiristanlığa gedib, vəfat etmiş yaxınlarının ruhuna dua oxuyurlar. Nahardan sonra küçələr boşalır.

Qəbiristanlıqdan qayıtdıqdan sonra insanlar Allaha xidmət etməyə hazır olduqlarının rəmzi kimi qurbankəsmə mərasiminə başlayırlar. Qurban kəsiləcək heyvan xüsusi olaraq seçilib bəslənilir. Qurban kəsmiş müsəlman əliaçıqlıq nümayiş etdirməli, kasıbların və acların qarnını doyurmalıdır. Ənənəyə görə, qurban əti üç hissəyə bölünür: bir hissə kasıblara paylanır, ikinci hissə gələn qonqlara və dostlara verilir və yalnız üçüncü hissə ailənin öz ehtiyaclarına sərf edilir.

Beləliklə, qurban kəsilməsi insanın ruhi təmizliyinə xidmət etməklə yanaşı, eyni zamanda kasıb adamların bir müddət qida almalarına şərait yaradır. Həmin gün insanlar imkanları daxilində ehsan verirlər. Azərbaycanda bir çoxları qurban ətini uşaq evlərinə, internatlara, qocalar evinə paylayırlar.

Evdə zəngin masa arxasında şam yeməyi yedikdən sonra müsəlmanlar son bayram namazını qılmaq üçün yenidən məscidlərə qayıdırlar. Bundan başqa, hər cür uğursuzluq və xəstəliklərin qarşısını almaq üçün hədiyyə - sədəqə vermək mərasimləri təşkil olunur. Yaxınlara, dostlara və qohumlara hədiyyələr verilir. Bayramın sonrakı günlərində doğmalar və yaxın tanışlar ziyarət edilir, belə ki, bayram günlərində bu cür ziyarət xeyirli və arzuedilən sayılır.