Azərbaycanda ən yadda qalan bayramlardan biri Gül bayramıdır. Parlaq, şən, müsiqi nömrələri ilə zəngin, uşaq kollektivlərinin iştirakı ilə keçirilən bayram xalqın xeyirxahlığını, səmimiliyini, ürəyiaçıqlığını bir daha nümayiş etdirir.

Bakı şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə hər il paytaxtda ümummilli lider, Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin (10 may 1923-cü il - 12 dekabr 2003-cü il) ad gününə həsr edilmiş bir sıra tədbirlər həyata keçirilir. Hələ Heydər Əliyevin sağlığında, 2000-ci ildən etibarən qeyd edilən ən mötəbər və parlaq bayramlardan biri Gül bayramı idi. Əvvəllər həmin bayram 11 may tarixində keçirilirdisə, 2004-cü ildən sonra onu 10 may tarixində - Azərbaycan liderinin doğum günündə qeyd etməyə başladılar.

Gül bayramının rəsmi açılışı Milli parkda Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra başlayır. Parkın ərazisində gül və müxtəlif bitki ekspozisiyaları, xalq yaradıcılığı nümunələri nümayiş etdirilir, uşaqların asfalt üzərində çəkdikləri şəkillərin konkursu təşkil olunur.  Bakılılar və paytaxtın qonaqları hətta nadir və ekzotik quşların xüsusi olaraq təşkil edilmiş sərgisinə də baxa bilərlər. Musiqi kollektivləri geniş konsert proqramı ilə çoxsaylı tamaşaçılar qarşısında çıxış edir. Bayramda uşaq ansamblları xüsusi populyarlığa malik olurlar. Axşam isə, adətən, Azərbaycan və xarici estrada ulduzlarının iştirakı ilə qala-konsert təşkil olunur. Gül bayramı möhtəşəm salyut və feyerverklə tamamlanır.