Alimlərin fikrincə, bu bayramın tarixi Qədim Mesopotomiyadan başlayır. Vavilonda Yeni İl 21 nisanda (mart-aprel) başlayıb 12 gün davam edər və hər bir günə ayrıca mərasimlər, tamaşalar və digər əyləncələr həsr edilərmiş. Novruz Bayramının mənşəyini azərbaycanlıların qədim dini zərdüştiliklə əlaqələndirirlər. Tam müəyyən edilib ki, bu bayram islamaqədər dövrdə və sonralar qeyd olunub. Sovet dövründə Novruz Bayramı qeyri rəsmi olaraq qeyd olunurdu, belə ki, sovet hakimiyyəti həmin günü bayram etməyi qadağan etmişdi və hətta onu bayram edənləri təqiblərə məruz qoyurdu. Buna baxmayaraq, uzun illər boyu hər bir azərbaycanlı ailəsi Novruz Bayramını qeyd edərək, əsrlərin adət-ənənsini qoruyub saxlamışdır.

İlin bu dövrünün insanların həyatındakı xüsusi əhəmiyyəti möcüzələri, təbiətə pərəstişi və məhsuldarlığı, ölən və yenidən dirilən təbiəti tərənnüm etdirən çoxsalı adət-ənənlərin və mərasimlərin yaranmasına səbəb olmuşdur.

Bu bayram hər il mart ayının 20-21-22-də, yaz mövsümündə gecə və gündüzün bərabərləşdiyi andan qeyd olunur. 

Lakin, ənənəyə görə, xalq bu bayrama hələ qış fəslinin son ayından hazırlaşmağa başlayır. Həmin ayın hər həftəsi, daha doğrusu, həftənin çərşənbə axşamları dörd ünsürdən birinə həsr edilir və müvafiq olaraq adlandırılır. Bunlar "Su çərşənbəsi", "Od çərşənbəsi", "Torpaq çərşənbəsi" və "Axır çərşənbə"-dir. İnanca görə, birinci çərşənbədə sular,  o cümlədən, durğun sular təzələnir, ikinci çərşənbədə od təmizlənir, üçüncü və dördüncü çərşənbələrdə isə ardıcıl olaraq torpaq və yel (külək) ağacların tumurcuğunu açır və bununla da, xalq əlamətlərinə görə, bahar girir.

Əsas hadisələr "Axır çərşənbə"də cərəyan edir. Həmin gün həyatın bütün sahələrini əhatə edən və yeni ildə hər bir insanın, onun ailəsinin və ümumilikdə cəmiyyətin rifahı naminə ən müxtəlif mərasimlər keçirilir. "Axır çərşənbə" köhnə ilin son həftəsinin çərşənbə axşamı qeyd edilir.

Həmin axşam insanlar evlərin həyətində tonqallar qalayırlar. Böyükdən kiçiyə hamı: "Ağırlığım-uğurluğum odlara, yazda mənlə hoppanmayan yadlara" deyə, tonqalın üzərindən hoppanır. Tonqalı su ilə söndürmək olmaz. Tonqal söndükdən sonra qızlar və oğlanlar külü yığıb, evlərindən kənara və yollara səpirlər. Bu isə, tonqalın üzərindən hoppananların bütün uğursuzluqlarının məhv edildiyi və evdən kənara atıldığı anlamına gəlir. "Axır çərşənbə" günü hava qaralanadək qızlar və oğlanlar gizlicə qonşuların söhbətinə qulaq asır və ilk eşitdiklərinin əsasında niyyət etdikləri arzularının həyata keçib keçmədiyi barədə nəticəyə gəlirlər.

Hər il bahar ərəfəsində yalnız azərbaycan mətbəxinə və Novruz Bayramına xas olan şəkərbura, şorçörək, bişi, paxlava (Quba, Gəncə və Bakı paxlavaları) fəsəli, külçə və digər şirniyyatlar hazırlanır. Həmin gün bayram masası xüsusi olaraq hazırlanır. Masada ilk hərfi "s" ilə başlayan yeddi qida növü olmalıdır: sumax, süd, sirkə, səməni (halva), səbzi və s. Bunlardan başqa masaya güzgü, şam və boyanmış yumurta qoyulur. Bütün bunlar rəmzi xarakter daşıyır: şam - insanı bəd ruhlardan qoruyan işıq və od anlamına gəlir. Yumurta və güzgü isə, köhnə ilin bitdiyi və yeni ilin qədəm basdığı vaxtı müəyyən etmək üçündür. Azərbaycanlılar boyanmış yumurtanı güzgünün üzərinə qoyurlar. Yumurta yırğalanmaya başlayanda yeni il gəlmiş olur. Masa arxasında oturanlar bir-birini təbrik edirlər.

Novruz Bayramının əvəzedilməz rəmzi səmənidir. Var-dövlət və firavanlıq rəmzi olan səmənini yetişdirmək üçün bir ovuc buğdanı isladır və bu mərasimi "Səməni, saxla məni, ildə bəslərəm səni" mahnısı ilə müşayiət edirlər. Sanki insan il boyu bir-birini qoruyacaqları barədə bir ovuc buğda ilə razılığa gəlir və bir-birinə söz verirlər.

Belə adət də var ki, Novruzda ağac əkərlər, amma heç bir vəchlə ağacı kəsmək olmaz. Xalq inancına görə, Novruzda tut, əncir, şabalıd əkmək yaxşı əlamətdir.Bu ənənəyə sadiq qalaraq, müasir Azərbaycanda Novruz günlərində parklar, bağlar, meşə zolaqları salınır.

Novruz Bayramı qədim adətləri və oyunları ilə çox zəngindir. Qədim adətlərdən "Xıdır İlyas" mərasimini, "Kos-kosa" əyləncəli meydan oyununu və fala baxmaq ənənəsini misal göstərmək olar. Bizə qədər gəlib çatmış adətlərdən biri atlarla əlaqədardır. Bayram günlərdə bütün ev heyvanlarına adi günlərdəkinə nisbətən xüsusi qayğı göstərilir, onlara ən yaxşı yem verilir, atlar bəzədilir. Kənd yerlərində at yarışları, cövgan oyunu keçirilir.

Novruzda evin bərəkətini qorumaq üçün, borc verməkdən ehtiyat edilir. Bununla yanaşı, adət-ənənəyə görə, bayram günlərində insanlar bir-birinə bayram "payı" (Novruz payı) hədiyyə edirlər. Qonşulara və dostlara "xonça" (siniyə düzülmüş bayram hədiyyələri, şirniyyat, səməni, şam və s.) göndərilir. Sinini boş qaytarmaq olmaz, xalq inancına görə, bu halda evin bərəkəti itər. Buna görə də, xonça alanlar sinini öz zövq və imkanlarına uyğun bayram hədiyyələri ilə bəzəyib, geri qaytarırlar. Bundan başqa, təkcə azərbaycanlılara deyil, digər millətlərin nümayəndələrinə də yeni il hədiyyələri bəxş etmək və bununla da Novruz Bayramının sevincini onlarla da paylaşmaq savab sayılır.