Elə adından da göründüyü kimi, "dolma" qədim türk sözü olub, "dolmaq" felindən götürülüb. Bu, bir daha göstərir ki, dolma bizim milli mətbəximizə məxsusdur.

Azərbaycanda dolmanın 10-a yaxın növü hazırlanır. Onlardan biri də şabalıd dolmasıdır. Sözügedən dolmanın bişirilmə qaydaları haqda Afaq Abbaslı Sputnik üçün məlumat verir.

Şabalıd dolmasının tərkibinə daxildir:

— Kələm
— Şabalıd
— Qoz
— Soğan
— Su
— göyərti (keşniş və şüyüd)
— Zövqə görə duz və istiot

Əvvəlcə kələm pörtülür. Yarpaqların ortasından keçən iri, sərt damarlar kəsilir. Həmin hissələr qazanın dibinə yığılır. Bu, dolmaları yanmadan qoruyacaq. Kələm yarpaqlar iridirsə, ikiyə bölünür. Hər yarpağın ortasına, təxminən, 2 xörək qaşığı dolusu içlik qoyulur. Yarpağın kənarları içəriyə doğru qatlanır və bükülür.

İçliyin hazırlanması: Öncə soğan yağda öldürülür. Daha sonra üzərinə şabalıd, döyülmüş qoz ləpəsi, keşniş, şüyüd və zövqə görə düz, istiot əlavə edilib qarışdırılır.
Hazırlanmış içlik kələmə büküldükdən sonra qazana yığılır. Üzərinə 1 stəkan su tökülərək 20 dəqiqə orta odda bişirilir.

Nuş olsun!