"Balaxanı-Qara şəhər" ilk neft kəmərinin istismara verilməsinin 140 illiyi və professor  Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş  konfrans İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində baş tutub.

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Beynəlxalq Şuxov Fondu, Rusiya Milli Mühəndislər Palatası və Azərbaycan diasporu, tərəfindən təşkil olunan tədbiri İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov açaraq Bakını dünyanın neft hasilatı mərkəzlərindən biri adlandırıb.  Rektor Azərbaycan və Rusiya arasında bütün sahələrdə olduğu kimi, neft sektorunda da  inkişafın yüksələn xətlə inkişaf etdiyini nəzərə çatdırıb. İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində məşhur alimin adını daşıyacaq auditoriya yaradılacağını qeyd edən universitet rəhbəri  bunun gənc mütəxəssislərin neft və qaz elminin baniləri haqqında daha geniş biliklərə malik olmasına kömək edəcəyinə inandığını söyləyib.

Çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Böyük Vətən Müharibəsi illrində, məhz,Bakı neftinin cəbhəni yanacaqla təmin etdiyini vurğulayaraq,  neft tariximizin görkəmli şəxsiyyətlərinin bizə qarşılıqlı fəaliyyətin, əməkdaşlığın nümunəsi olan bir platforma miras qoyduqlarını diqqətə çatdırıb. Azad Mirzəcanzadə ilə xatirələrini bölüşən səfir Rusiya Neft və Qaz Universitetinin auditoriyalarından birinə görkəmli alimin adının verilməsi ideyasını məmnuniyyətlə dəstəklədiyini və  A.Mirzəcanzadə adına təqaüd təsis edilməsi təşəbbüsünü irəli sürəcəyini vurğulayıb.

Professor, AMEA-nın akademiki Fazil Qurbanov, "TRANSNEFT" şirkətinin departament rəhbəri Qeorqiy Qusenkov, Mühəndislər palatasının prezidenti İqor Merşin və digər çıxışçılar isə  Azərbaycanda Balaxanı və Qara şəhər neftayırma zavodları arasında çəkilmiş ilk boru kəmərinin tarixindən danışıblar. Akademik Azad Mirzəcanzadənin elmi fəaliyyətini yüksək qiymətləndirilib.

Konfransın açılışında Rusiyanın bir sıra elmi və ictimai təşkilatların nümayəndələri çıxış edib.