AZƏRTAC xəbər verir ki, müsabiqədə 9 ölkəni təmsil edən komandalar "Qadın vokalı", "Kişi vokalı" və "Qrupun çıxışı" nominasiyaları üzrə ən yüksək qiymətə layiq olmaq uğrunda iki ay mübarizə aparıblar. Azərbaycan komandası hər bir nominasiyada layiqli təmsil olunub. Səbinə Quluzadə və Emin Məmmədovun, habelə Aliyə Əliyeva, Aytən Hacıyeva, Rüfət Məmmədov və Sevil Əsədullayevanın daxil olduğu "FİRELAND" vokal qrupunun çıxışları münsiflər heyətini heyran edib.

Müsabiqənin ən yüksək mükafatı isə bütün çıxışların məcmusuna görə verilən priz olub. Bakı məktəblərini təmsil edən qızlar və oğlanlar ölkəyə bu qələbə ilə qayıdıblar. Onlar bu müsabiqənin ən istedadlı, ən yüksək musiqi duyumuna malik, ən enerjili və ən peşəkar iştirakçıları olduqlarını sübut ediblər.

Komandanın rəhbəri müğənni Emil Qədirovu rusiyalı tamaşaçılara yaxşı tanıyırlar. "Qolos" televiziya layihəsinin ən parlaq iştirakçılarından biri olmuş Emil "Novaya volna" proqramında temperamentli çıxışı ilə yadda qalıb. Tez-tez Rusiyaya və xarici ölkələrə qastrol səfərlərinə gedir. Lakin komandanın iştirakçıları Emil Qədirovu çox ciddi müəllim və mentor kimi deyil, böyük dost və yoldaş kimi yadda saxlayıblar.

Komandanın hazırlanmasında rejissor Ülviyyə Könül, məşqçi-pedaqoq Rimma Şapalova və baletmeyster Emin Hüseynovun böyük xidmətləri olub.

İllər keçəcək, bu istedadlı uşaqların bəziləri peşəkar musiqiçi olacaq, digərləri üçün musiqi gözəl bir hobbi kimi qalacaq. Lakin onlar bu müsabiqəni, digər ölkələrdən olan iştirakçılarla necə dostlaşmalarını heç vaxt unutmayacaq, müsabiqənin prodüseri Lina Arifulinanın efirdə var gücü ilə, bütün dünyanın eşidəcəyi səslə "Ən yaxşı ölkə Azərbaycandır!" sözlərini dediyi an isə onların yaddaşında həmişəlik həkk olunacaq.

 

Fəridə Abdullayeva