MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşündə Əfqanıstandakı vəziyyət, həmin ölkədə fəaliyyət göstərən terrorçu təşkilatların MDB-yə üzv dövlətlərin təhlükəsizliyinə törətdiyi təhdidlər, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq, MDB məkanında bioloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində, həmçinin informasiya və kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadənin qarşısının alınması sahəsində təşəbbüslər, faşizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi və bir sıra digər məsələlərə dair məruzələr dinlənilib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edərək, müzakirə olunan sahələr üzrə Azərbaycanın müsbət təcrübəsi barədə məlumat verib.

Ramiz Mehdiyev, həmçinin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə təhlükəsizliyin təmin edilməsində ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə edib. İqbal Rüstəmov İnteraz Moskva