Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilə sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib ki, sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. 

"Poemanın dərinliyi, fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur."Yeddi gözəl" sərgisinin açılışı olduqca əhəmiyyətlidir. Çünki dahi Nizaminin əsərləri Azərbaycan ədəbiyyatının böyük bir dövrünü əhatə edir.

Əziz dostlar, müddətsiz yaradıcılıq göylərin bizə göndərdiyi nemətdir. O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə varmaqda və ən ali qüvvə olan sevgini özü üçün açmaqda kömək edir." — deyə Leyla Əliyeva qeyd edib.

Azərbaycanın Rusiyadakı baş diplomatı Polat Bülbüloğlu tədbirin təşkilinə görə Heydər Iliyev Fonduna təşəkkür edərək sərginin iki ölkənin və xalqın həyatında əlamətdar mədəni hadisə adlandırıb. 

Səfir son aylarda Moskvada təşkil olunan tədbirləri də qeyd edərək Leyla Əliyeva görülən işlərin ərsəyə gəlməsində göstərdikləri şəxsi yardıma və fəallığa görə təşəkkürünü bildirib.

Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyinin direktoru Yelena Titova çıxışında "Yeddi gözəl"i şərqsayağı zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik olan sərgi adlandırıb. Qeyd olunub ki, sərgidə müasir texnologiyalar, zəngin tarix, rəssamların ustalığı əksini tapıb.

Nəzərinizə çatdıraq ki, sərginin ekspozisiyasının konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunur.

Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı "Yeddi gözəl" baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.