APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Əsrə bərabər olmaq" ("Bıt s vekom naravne") adlı sərgi Rusiya və Azərbaycan mədəniyyət nazirliklərinin və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edən Rusiya Milli Muzeyinin direktoru Mixail Brızqalov sərginin keçirilməsi ideyasının yaranmasından, nümayiş olunan eksponatların müxtəlif fondlardan, Azərbaycan və Rusiya muzeylərindən toplanmasından danışıb.

Sərginin ən görkəmli eksponatı görkəmli rəssam Tahir Salahovun 1962-ci ildən bu günə kimi Tretyakov Qalereyasında sərgilənən "Qara Qarayevin portreti" əsəri olub.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dahi bəstəkar Qara Qarayevlə bağlı xatirələrindən danışıb: "Bu gün mən sərgidə iki rolda çıxış edirəm. Həm səfir rolunda, həm də Qara Qarayevin tələbəsi rolunda. Qarayevin sinfində biz təkcə bəstəkarlıq sənətinin ustalıqlarını deyil, həyatın əsasını dərk etməyi öyrənirdik. O, qeyri-adi erudisiyaya və ensiklopedik biliyə malik insan idi".

Azərbaycan Mədəniyyət Nazirliyinin Rusiyadakı nümayəndəsi Nigar Axundova mədəniyyət naziri Əbülfəz Qarayevin Rusiya Milli Muzeyinin rəhbərinə və kollektivini ünvanlanmış məktubunu oxuyub, Qara Qarayevin yaradıcılığına və şəxsiyyətinə göstərdikləri diqqətə görə təşəkkürünü bildirib.

Tədbirdə görkəmli Azərbaycan rəssamı, Qara Qarayevin əfsanəvi portretinin müəllifi Tahir Salahov da çıxış edib. O, portretin yaranması tarixindən və Qara Qarayevlə münasibətlərindən danışıb.

Azərbaycan Dövlət Musiqi İncəsənəti Muzeyinin direktoru Alla Bayramova çıxışında Rusiya Milli Muzeyinə çoxillik əməkdaşlığına və Azərbaycan incəsənətinə və musiqisinə xüsusi diqqət ayırdıqlarına görə təşəkkürünü bildirib.

Sərgiyə baxışdan sonra Qara Qareyvin əsərlərindən ibarət konsert proqramı təşkil olunub. Beynəlxalq musiqi müsabiqələrinin laureatı pianoçu Riad Məmmədov, P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi Nazxanım Dadaşova və digərlərinin ifasında görkəmli bəstəkarın əsərləri səslənib.

Qeyd edək ki, Qara Qarayevin 100 illiyinə həsr olunan "Əsrə bərabər olmaq" sərgisi avqustun 26-dək davam edəcək.