Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasim paytaxtın "Avropa" sarayında baş tutub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Rusiya Xarici İşlər Nazirliyinin dördüncü MDB ölkələri departamentinin rəhbəri Aleksey Pavlovski, Dövlət Dumasının deputatları, xarici ölkələrin səfirləri, hərbi attaşelər, Rusiyanın tanınmış dövlət, ictimaiyyət və mədəniyyət xadimləri, diasporumuzun nümayəndələri iştirak ediblər.

Qonaqları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb: "Bizim nəslin bəxti onda gətirib ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində bütün Azərbaycanla birlikdə bu möhtəşəm bayramı qeyd edirik. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il AXC ili elan olunub. 1918-ci ildə belə respublikanın yaradılmasının dünya üçün əhəmiyyəti ondan ibarət olub ki, AXC bütün müsəlman şərqində demokratik prinspiləri və dəyərləri, azadlıq və demokratiya idealını özündə cəmləşdirən ilk parlamentli respublika olub. Bu əlamətdar hadisə azərbaycanlıların milli özünüdərkinin sonrakı inkişafında misilsiz rol oynayıb, Azərbaycan xalqının tarixi arzusunu həqiqətə çevirib, Azərbaycan dövlətçiliyinin əsasını qoyub. Ağır şəraitdə və qısa müddət ərzində mövcud olmasına baxmayaraq gənc respublika öz üzərinə çətin tarixi vəzifə götürərək demokratik dövlət quruculuğu sahəsində ciddi addımlar atıb, ilk parlament və hökuməti yaradıb, dövlət simvollarını, bayraq, gerb, himni təsdiq edib, dövlət dilini elan edib. Gənc respublika hələ bir çox Avropa ölkəsində reallaşmayan seçki sahəsində gender bərabərliyini tətbiq edib. Bununla belə ölkəni bürüyən siyasi, iqtisadi və sosial böhran, təcavüz, Azərbaycanın dinc əhalisinə qarşı terror aktları respublikanın zəifləməsinə gətirib çıxarıb. Ciddi geosiyasi hadisələr fonunda gənc demokratik respublika cəmi 23 ay yaşayıb. Lakin xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi gənc nəslin yaddaşında qalıb".

Daha sonra diplomat Azərbaycanın Sovetlər İttifaqı dövründəki tarixindən danışıb. Həmin dövrdə ölkəmizin sənaye respublikasına çevrildiyini qeyd edən Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlməsindən sonra Azərbaycanın istehsal sahəsində SSRİ-də aparıcı mövqe tutduğunu söyləyib: "Ədəbiyyat, teatr, kino, musiqili incəsənət  və ümumilikdə Azərbaycan incəsənətinin inkişafına xüsusi diqqət ayrılıb.  Dövlətçiliyimizin növbəti mərhələsi isə SSRİ-nin süqutu dövrünə təsadüf edir. Həmin vaxt ölkə 1990-cı ilin yanvar faciəsi, daxili siyasi böhran və torpaqlarının işğalı ilə üzləşmişdi. Belə çətin vəziyyətə düşən müdrik Azərbaycan xalqı Heydər Əliyevə müraciət etdi, onu respublikaya rəhbərlik etməyə çağırdı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin yenidən doğuluşunun başlanğıc nöqtəsi idi. Bir müddət öncə biz, Sovet və müasir Azərbaycanın tarixində unikal rol oynayan bu dahi insanın 95 illiyini qeyd etdik. Burada mən Rusiya tərəfinin təşəbbüsü ilə yaradılan Heydər Əliyevin Moskvadakı fəaliyyəti dövrü haqqında fotosərgini xüsusi qeyd etmək istəyirəm. Bu sərginin Bakıda, Heydər Əliyev Mərkəzində uğurlu açılışı olub".

Müasir Azərbaycanın uğurlarından danışan səfir bildirib ki, ölkəmiz son illər mədəniyyətlərarası dialoqda fəal rol oynayır: "Azərbaycan son illər dünya miqyasında onlarla tədbirlərə ev sahibliyi edib. Bu prosesə vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti böyük töhfə verib".

Azərbaycan-Rusiya əlaqələrindən danışan P. Bülbüloğlu iki ölkə və xalqlar arasında çoxəsrlik tarixə malik mehriban qonşuluq və dostluq əlaqələrinin olduğunu vurğulayıb: "Dövlətlərimizin əməkdaşlığı strateji xarakter daşıyır. Dövlət başçılarımızın şəxsi əlaqələri isə hər iki ölkənin və xalqın maraqlarına xidmət edir.  Azərbaycan dövlətçiliyinin 100 illik tarixi dövrünü bir çıxışa yerləşdirmək mümkün deyil. Çünki bu 100 illik yol heç də hər zaman asan olmayıb, bəzən faciəvi olub. Lakin ölkəmiz azadlıq idealına, sülhə və demokratiyaya bağlılığını nümayiş etdirərək çağırış və təhlükələrə qarşı layiqincə tab gətirə bilib".

Daha sonra Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edib. O, Azərbaycan xalqını AXC-nin yaranmasının 100 illiyi münasibəti ilə təbrik edib, sülh və firavanlıq arzulayıb. Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq əlaqələrinin bağladığını qeyd edən İ. Umaxanov bu əlaqələrin əsasında bərabər hüquqluq və mehriban qonşuluq, əsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyəti prinsipinin dayandığını vurğulayıb: "Ölkələrimiz və xalqlarımızın dostluq və vahidliyinin ilhamverici simvolu Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdir. Müasir Azərbaycanın qurulması və Rusiya ilə dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi rolu ona məxsusdur. Bu estafeti onun oğlu, hörmətli İlham Əliyev layiqincə davam etdirir. Mən, bir daha fürsətdən istifadə edib, dost Azərbaycan xalqını və prezidentini Azərbaycan Respublikasının 100 illiyi münasibəti ilə təbrik edirəm, ölkənizə rifah və firavanlıq arzulayıram".

Mərasim musiqi proqramı ilə davam etdirilib. Qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.