Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasınfakı səfirlikdə açılan seçki məntəqəsində səs verib.

Azərbaycanın Rusiyadakı baş diplomatı Rusiyada fəaliyyət göstərən seçki məntəqələrinin iş prosesi ilə bağlı jurnalistlərə məlumat verib:

"Bu gün hər bir xalqın, hər bir dövlətin taleyində çox vacib bir gündür. Millət öz rəhbərini seçir. Mən tam qəlbimlə inanıram ki, müdrik Azərbaycan xalqı düzgün seçim edəcəkdir. Buna şübhə yoxdur. Hamı son illər Azərbaycanın böyük uğurlarına şahiddir. Hamı Azərbaycanın gündən günə necə inkişaf etdiyini görür. Təbii ki, biz burda, Azərbaycanın Rusiyadakı səfirliyində hazırlıq işləri görümüşk. Bu gün 1500-ə yaxın Azərbaycan vətəndaşının səs verəcəyini gözləyirik. Məntəqə yerli vaxtla saat 8-də açılıb. Səsvermə gedir. Bizim Rusiyada üç məntəqəmiz fəaliyyət göstərir. Bunlar Moskva ilə yanaşı Sankt-Peterburq və Yekaterinburqdakı baş konsulluqlarımızda açılan seçki məntəqələridir. İlkin aldığımız məlumatlara görə, orada da Azərbaycan vətəndaşları səsvermə prosesində fəal iştirak edirlər. Fürsətdən istifadə edib, Azərbaycan xalqına yeni uğurlar arzulayıram",-deyə Polad Bülbüloğlu vurğulayıb.

Diplomat ilk dəfə səsvermə hüququndan istifadə edən iki Azərbaycan vətəndaşı İmanova Xanım və Firuzə Hüseynovaya Azərbaycanın Rusiyadakı Səfirliyinin Şəhadətnaməsini də təqdim edib.    

Öz hislərini bölüşən İmanova Xanım və Firuzə Həsənova ölkədən kənarda yaşamaqlarına baxmayaraq vətən qarşısında borclarını yerinə yetirdiyini bildiriblər.