Turnir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda baş tutub. Moskvanın nüfuzlu ali məktəblərinin tələbələrinin təmsil olunduğu 18 komandada 150 —dən çox tələbə turnirdə biliklərini sınayıb.

Turnirin qalibi Kutafina adına Moskva Hüquq Akademiyasının komandası, ikinci yeri isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası tutub.

Tədbirdə çıxış edən MQİMO-nun prorektoru İqor Loginov rektor Anatoli Torkunovun turnir iştirakçılarına salamını və təbrikini çatdıraraq, uzun illər bundan qabaq İlham Əliyev, məhz, bu ali məktəbi bitirdiyini qeyd edib:

"Fəxr edirik ki, bu gün Azərbaycanın prezidenti bizim universitetin məzunudur. Bu günki gün Azərbaycandan 80-dən çox tələbə MQİMO-da təhsil alır. Əminik ki, bu yaxşı ənənə uzun illər davam edəcək".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında prezident İlham Əliyevin hər zaman gəncləri dəstəklədiyini söyləyib: "Mən çox şadam ki, bu turnir, MQİMO-da keçirilir. MQİMO dünyada yeganə ali təhsil ocağıdır ki, həm bizim ümummilli liderimiz Heydər Əliyev, həm də prezident İlham Əliyev buranın fəxri doktorlarıdır. Məhz bu məqama görə, MQİMO-ya ayrıca hisslə yanaşırıq. Qeyd etmək istərdim ki, Azərbaycanda gənclərin inkişafı üçün müxtəlif dövlət proqramları mövcuddur".

Çıxış edən AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev turnirin təşkilində verdiyi dəstəyə görə MQİMO rəhbərliyinə təşəkkürünü bildirib. Beş il bundan öncə MQİMO məzunlarının ilk Forumunun məhz Bakıda keçirildiyini xatırladan E. Hacıyev bu ali məktəblə Azərbaycan arasında sıx əlaqələrin olduğunu söyləyib.