Yeni il günlərində Azəbaycandakı mehmanxanalarda daha çox yerli turistlər istirahət edəcəklər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Yeni il günlərində istirahət etmək üçün Azərbaycana Rusiya və ərəb ölkələrindən də az sayda turist gələcək. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin işçilərinin əskəriyyəti də Yeni il günlərində ölkəmizdə istirahət etməyə üstünlük verəcək.

M.Ağakərimov artıq yerli və xarici turistlər tərəfindən həmin müddət üçün hotellərdə yerlərin bronlaşdığını da söyləyib.

Onun sözlərinə görə, yerlər əhalinin müxtəlif təbəqələri tərəfindən bronlaşdırılıb və bronlaşdırılan yerlərin sayı daha çox olan hotellər arasında 4 ulduzlular üstünlük təşkil edir.

M.Ağakərimov deyib ki, hər il olduğu kimi, builki qış turizmi mövsümü ərzində turistlər əsasən şimal-şərq və şimal-qərb zonalarında istirahət etməyə üstünlük verəcəklər. M.Ağakərimov qeyd edib ki, yerli turistlərlə yanaşı, xarici turistlər də qışda, xüsusilə Yeni il günlərində istirahətlərini Şamaxı, İsmayıllı, Şəki-Oğuz, Qəbələ, Quba, Qusarda keçirməyə maraq göstərirlər: "Əvvəllər insanlar Yeni il günlərində istirahət etmək üçün Avropa ölkələrinə daha çox gedirdilər. Amma indi öz ölkəmizdə istirahət etməyə üstünlük verirlər. Bu, onu göstərir ki, biz öz ölkəmizdə turizmin yeni növlərini yaratmaqla daxili və gəlmə turizmi inkişaf etdirə bilərik".

Xatıladaq ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü ((2016-cı il, 31 dekabrı) və Yeni il bayramı (2017- ci il, 1, 2 yanvar) qeyri-iş günləri hesab olunacaq. Əmək Məcəlləsinə əsasən, dekabrın 31-i həftənin şənbə, yanvarın 1-i isə bazar gününə təsadüf etdiyindən yanvarın 3-ü və 4-ü də iş olmayacaq.

Yanvarın 5-i isə iş günü hesab olunur.