Moskvada  BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının 3-cü nazirlər konfransı keçirilib. Tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. 

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının 3-cü konfransda 40-dan çox ölkənin nümayəndəsi, o cümlədən 28 beynəlxalq təşkilatın təmsilçisi iştirak edib.

Konfransın gündəliyində beynəlxalq yük daşımalarının normativ-hüquqi bazasının təkmilləşdirilməsi, yeni material və texnologiyaların tətbiq edilməsi, nəqliyyat şəbəkələrinin genişləndirilməsi, başqa regionların infrastrukturu ilə birləşdirilməsi və digər aktual məsələlər müzakirə olundu. Konfrans zamanı qeyd olundu ki, Asiya-Sakit okean ölkələri üzrə tərəfdaşlarla əməkdaşlıq regionun və qonşu ölkələrin nəqliyyat strategiyasının prioritetlərindən hesab olunur. Regionun unikal coğrafi, iqtisadi, demqrafik və tranzit potensialı planetin bu hissəsində effektiv nəqliyyat sisteminin yaradılmasına yönəlib. 

Azərbaycanı konfransda təmsil edən nümayəndə heyyətinin rəhbəri, nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək ölkəmizin tranzit siyasətinin inkişaf etmiş infrastrukturun yaradılması, nəqliyyat yollarının diversifikasiyası, nəqliyyat layihələrinə dövlət dəstəyi, sərhədlərin keçilməsi prosedurlarının yüngülləşdirilməsi, malların daşınmasını asanlaşdıran loqistika sistelərinin tətbiqi və digər məsələlərin həllinə yönəldiyini bildirdi. 

Azərbaycanın Qafqaz ərazisindən keçən Avrasiya nəqliyyat yollarının inkişafı layihələrinin fəal iştirakçısıolduğunu deyən nazir vurğuladı ki, Gürcüstan və Türkiyə ilə birgə həyata keçirilən Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi TRASEKA  dəhlizinin inkişafına, Avropa və Asiyanın dəmir yol şəbəkələrinin birbaşa birləşdirilməsinə xidmət edir. Bundan əlavə, ilin sonunadək İran ilə sərhəddə dəmir yolu sahəsinin və körpünün tikintisinin başa çatdırılacağını qeyd edən Azərbaycandan olan nümayəndə heyyətinin rəhbəri, bu layihənin Rusiya və İran dəmir yolu şəbəkələrinin Azərbaycan ərazisi vasitəsi ilə Şimal-Cənub dəhlizi üzrə birləşdirilməsində mühüm addım olduğunu diqqətəçatdırdı. 

Həmçinin vurğulandı ki, ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz nəqliyyatın yaradılması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet məslələrdən biridir. Qeyd edək ki, UNESCAP nəqliyyat nazirləri konfransı hər beş ildən bir keçirilir və Asiya-Sakit okean regionunda nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini müəyyənləşdirir.